Abu-Dabi görüşündən gözləntilər və irəliləyişlər - Bəhruz Quliyev

15:22 11.07.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Abu-Dabidə Azərbaycan və Ermənistan rəhbərləri arasında baş tutan vasitəçisiz görüş bölgədə yeni siyasi reallığın göstəricisidir. Bu görüş bir daha təsdiqlədi ki, artıq Cənubi Qafqazda prosesləri diktə edən əsas aktor Azərbaycan dövlətidir".

Bunu açıqlamasında Hafta.az-a “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Qeyd edib ki, vasitəçilərin iştirakı olmadan keçirilən Azərbaycan-Ermənistan rəsmilərinin Əbu-Dabi dialoqu tərəflərin birbaşa məsuliyyət daşıdığı, siyasi iradənin real qərarlarla müşayiət olunduğu bir mərhələyə keçidi simvolizə edir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl və prinsipial siyasət bu görüşün də başlıca təminatçısıdır.

Siyasi şərhçi qeyd edib ki, Abu-Dabi görüşündən kifayət qədər ciddi gözləntilər və irəliləyişlər var:

"İlk növbədə sərhədlərin dəqiqləşdirilməsi - delimitasiya və demarkasiya istiqamətində irəliləyişin əldə olunacağı, Zəngəzur dəhlizinin açılması və bölgənin logistika mərkəzinə çevrilməsi prosesinin müzakirəsi, Sülh müqaviləsinin imzalanmasına aparan yol xəritəsinin müəyyənləşdirilməsinin müzakirəsi əhəmiyyətli addımdır".

Ekspert deyib ki, Azərbaycan tərəfi bu proseslərə ciddi hazırlaşıb və ərazilərimizdə tam suverenlik bərpa olunduqdan sonra yeni mərhələyə keçid etməyə çalışır:

"Bu görüş Azərbaycanın diplomatik gücünün, prinsipial mövqeyinin və regional sabitliyin əsas təminatçısı kimi beynəlxalq nüfuzunun növbəti təzahürüdür. Azərbaycan sülh istəyir, lakin bu sülh milli maraqlar və beynəlxalq hüquq çərçivəsində təmin edilməlidir. Abu-Dabidə atılan addım məhz bu istiqamətdə mühüm mərhələdir”.